İl uğurlu başlamayıb: İqtisadiyyat həyəcan siqnalı verir | TƏHLİL

      İl uğurlu başlamayıb:    İqtisadiyyat həyəcan siqnalı verir    | TƏHLİL
  06 Aprel 2025    Oxunub:839
İlin birinci rüb artıq başa çatsa da, ölkə üzrə statistika hələ açıqlanmayıb. Buna rəğmən, bəzi göstəricilərə dair fikirlər söyləmək mümkündür. Ölkəmiz üçün il bütövlükdə yaxşı başlamadı. İlk ayın yekununa əsasən ümumi daxili məhsul istehsalında (ÜDM) 0.9% geriləmə qeydə alındı. Xarici ticarət dövriyyəsi isə nisbətən qənaətbəxş oldu. Neft-qaz hasilatı əvvəlki səviyyədə olmasa da, təşviş yaradacaq vəziyyətdə deyil.
2025-ci ilin fevral ayı da daxil olmaqla ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilin ilk iki ayı ərzində 19,1 milyard manatlıq və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə cəmi 0,2% çox ÜDM istehsalı qeydə alınıb ki, bunu artım kimi dəyərləndirmək mümkün deyil.

Sözügedən dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 2,7% azalıb, qeyri-neft sektorunda isə 1,7% artıb. Sonuncu rəqəm keçən ilin eyni dövründə 2023-cü ilin anoloji göstəricisi ilə müqayisədə 10,1% təşkil edirdi. Rəqəmlər arasında böyük fərqin olduğu aydın görünür.

2025-ci ilin yanvar-fevralında əsas kapitala 2008,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8% az investisiya yönəldilib. Neft-qaz sektorunda bunun həcmi 32,5%, qeyri-neft-qaz sektorunda isə 20,8% az olub.

Bütün bunlar qalsın bir yana... Yanvar-fevral aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 8 milyard 904.49 milyon dollar olub. Düzdür, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 milyard dollar çoxdur. Lakin ilin ilk iki ayı ərzində ixrac 4 milyard 766.7 milyon dollar, idxalsa 4 milyard 138.02 milyon dollar təşkil etməklə, müsbət saldo 628.46 milyon dollara bərabər olub. Bu isə ötən ilin eyni ayları ilə müqayisədə 3.7 dəfə azdır.

Bundan əlavə, təəssüf, inflyasiya da sürətlənib. 2025-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% qalxıb. Qida məhsulları, içkilər və tütün məmulatları 5,3%, qeyri-qida malları 2,7%, əhaliyə göstərilən ödənişli xidmətlər 7,9% bahalaşıb. Yeri gəlmişkən, cari ilin başlanğıc ayı ərzində iqtisadi artım üzrə göstəricimiz zəif - 0.9%, inflyasiya 5.4% olmuşdu.

ABŞ-da Donald Trampın prezident kimi fəaliyyətə başlamasından sonra dünya iqtisadiyyatında hökm sürən mürəkkəb qeyri-müəyyənlik şəraiti daha da dərinləşib. Dünya bazarlarında neftin ucuzlaşacağı təqdirdə yanacaq və buna uyğun olaraq logistik xərclərin nisbətən azalacağına baxmayaraq, aparıcı ölkələrin qarşılıqlı rüsum tətbiqi səbəbindən ciddi bahalaşma təhlükəsi gözlənilir. Bizdə isə inflyasiya hələ yenicə səngimiş sayılırdı...

Neftin ucuzlaşacağı və qiymətlərin bahalaşacağı, yəni kəskin inflyasiya dalğalanmaları haqda gözləntilər ölkəmiz üçün müəyyən təhdidlər formalaşdırır. Özü də bu, elə bir vaxta düşür ki, həm dövlət büdcəmizin xərcləri artıb, həm də qeyri-neft-qaz sektoru daha çox dəstək gözləyir.

Sözün qısası, iqtisadi artımın azalacağı, inflyasiyanın yüksələcəyi, xarici ticarət dövriyyəsinin idxalın hesabına struktur dəyişikliklərinə uğrayacağı kimi təhlükələr mövcuddur.

Xatırladım ki, ölkədə bu il ÜDM istehsalının real ifadədə 3,5% artaraq 129,2 milyard manat olacağı gözlənilir. Bu zaman qeyri-neft-qaz sektorunun real ifadədə 4,9% artaraq 92,2 milyard manat təşkil etməklə ÜDM-in tərkibində 71,3%-ə çatacağı, neft-qaz sektorunun isə 0,5% artacağı proqnoz edilib. Orta illik inflyasiya göstəricisi 4,6% səviyyəsində proqnozlaşdırılıb. İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2025-ci ildə sözügedən göstəricisi 4,6% təşkil etməklə 2026-2028-ci illərdə 3,9% səviyyəsində olmalıdır. Ancaq bəri başdan qeyd edim ki, inflyasiya, çox güman, 10%-ə yaxın təşkil edəcək. Bunu həm daxili, həm də xarici təsirlər şərtləndirəcək. Çünki neqativ amillərdən biri də məhz ondan ibarətdir ki, ölkəyə idxal artır.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti